A4 formatda qaimə çapı
Cloposa Invoice Printer funksiyası. Artıq müştəriyə adi termal çekdən başqa, A4 və ya A5 vərəqdə tam qaimə (invoice) də çap edə bilərsiniz. Bu xüsusilə korporativ müştəriləri olan, sifarişlər qəbul edən və ya rəsmi sənəd əsaslı satış aparan müəssisələr üçün faydalıdır — qaiməni ayrıca tərtib etməyə və ya əl ilə hazırlamağa ehtiyac qalmır, sistem rəsmi formatda hazır qaiməni avtomatik olaraq çap edir.
Funksiya necə işləyir?
Qaimə Çeki funksiyası iki ayrı hissədən ibarətdir və hər iki tərəfdə ayrıca tənzimləmə tələb olunur:
- Back Office tərəfində — qaimənin görünüşü və hansı sahələrin görünəcəyi qurulur.
- Terminal tərəfində — qaiməni hansı printerin çap edəcəyi seçilir.
İki tərəf bir-birini tamamlayır: Back Office-də qurulmuş şablon, Terminal-da seçilmiş printer vasitəsilə kağıza köçürülür.
Back Office — qaimənin görünüşünün qurulması
Qaiməyə hansı sahələrin daxil olacağını və ümumi görünüşünü təyin etmək üçün arxa panelə daxil olun.
- Tənzimləmələr → Çeklər bölməsinə keçid edin.
- Bölməyə yeni əlavə olunmuş Qaimə konstruktoru tabını seçin.

Konstruktorda mövcud imkanlar:
- Sahələrin sıralanması — sahələri sürüşdürmə yolu ilə yerini dəyişib istədiyiniz ardıcıllıqla düzə bilərsiniz.
- Sahələrin aktivləşdirilməsi və deaktivləşdirilməsi — qaimədə görünməsini istəmədiyiniz sahələri söndürmək, lazım olanları isə aktivləşdirmək mümkündür.
- Şrift ölçüsünün dəyişdirilməsi — sahələrin oxunaqlığını qaimənin formatına və müəssisənin üslubuna uyğun tənzimləyə bilərsiniz.
- Canlı baxış — sağ tərəfdə dəyişikliklərin necə görünəcəyini real vaxtda izləmək mümkündür, beləliklə hər dəfə test çapı etmədən nəticəni görə bilərsiniz.
Terminal — printerin seçilməsi
Qaiməni fiziki olaraq çap edəcək printeri terminal tərəfindən sazlamaq lazımdır.
- Terminalda İdarəetmə Paneli → Cihazlar → Printerlər bölməsinə daxil olun.
- Yeni printer əlavə edərkən və ya mövcud printeri redaktə edərkən, Printer tipi sahəsində artıq 3 seçim mövcuddur:
◦ Thermal — adi termal çek printeri. Müştəriyə qısa termal çek vermək üçün istifadə olunur. Əvvəllər mövcud olan və standart olaraq işlənən tipdir.
◦ Non-Thermal — yeni əlavə olunmuş tip. A4 qaimə çap etmək üçün məhz bu tip seçilməlidir.

Non-Thermal seçildikdə, əlavə parametrlər açılır:
- Ölçü — kağız ölçüsünü təyin edirsiniz: A4 (standart ölçü) və ya A5 (yarıölçülü). Müəssisənizdə hansı kağız formatı istifadə olunursa, onu seçin.
- Rəng — qaimənin ağ-qara və ya rəngli çap olunmasını seçə bilərsiniz. Rəngli seçim adətən korporativ qaimələrdə loqo və başlıqların görünməsi üçün üstündür, ağ-qara seçim isə daha qənaətcil həll yoludur.
Sistem necə davranır?
Sazlama tamamlandıqdan sonra sistem hər iki printerlə paralel işləyir və çek tipinə uyğun avtomatik yönləndirmə aparır:
- Thermal printerə → adi qısa termal çek göndərilir.
- Non-Thermal printerə → A4 və ya A5 ölçüsündə tam qaimə (invoice) göndərilir.
Beləliklə, eyni sifariş üçün həm müştəriyə tez bir təsdiq çeki vermək, həm də rəsmi qaiməni hazırlayıb təqdim etmək mümkündür — heç bir əlavə əməliyyat etmədən.

Yeniləndi: 06/05/2026
Təşəkkürlər!