> ## Knowledge Base Index
> Fetch the complete knowledge base index at: https://az.help.clopos.com/sitemap.xml
> Use this file to discover available pages before exploring further.
> Pure-Markdown content can be obtained by appending a '.md' suffix to the content URLs listed in the sitemap (without the trailing slash).

# Clopos PAY

###### Clopos Pay müştəriyə QR kodu telefonla oxutmaqla hesabı ödəmək və əməkdaşa bəxşiş vermək imkanı verir. Qonaq ödənişi öz telefonunda tamamlayır - terminal gözləmək, nağd qalıq və ya əlavə tətbiq yükləmək tələb olunmur. Ödəniş uğurla tamamlandıqda çek kassa satış terminalında avtomatik olaraq Clopos Pay ödəniş növü üzrə bağlanır.

### Modulun aktivləşdirilməsi:

Clopos Pay **müqavilə əsasında** aktivləşdirilir. QR kod vasitəsilə ödəniş qəbuluna başlamaq üçün Clopos ilə xidmət müqaviləsi imzalanmalıdır. Müqavilə qüvvəyə minənədək **Arxa panel → Tətbiqlər → Clopos Pay** bölməsi yalnız baxış rejimində olur, statusu **Gözləyir** kimi göstərilir və bölmədəki seçimlər deaktiv vəziyyətdə qalır.

Aktivləşdirmə üçün heç bir məlumatı özünüz doldurmursunuz. Sadəcə Clopos şirkətinə müraciət edərək tələb olunan məlumatları təqdim edirsiniz:

* Şəxs növü, ad və VÖEN məlumatları
* Hüquqi və fəaliyyət ünvanı
* Əlaqə məlumatları (e-mail və mobil nömrə)
* Bank rekvizitləri (hesablaşma hesabı, SWIFT, bank VÖEN, kod və müxbir hesab)

Sənədləşmə tamamlandıqdan sonra modul Clopos tərəfindən aktivləşdirilir və bölmə tam istifadəyə açılır. Modula qoşulma tamamilə ödənişsizdir. Yeni avadanlıq, yeni tətbiq və ya əlavə təlim tələb olunmur - mövcud Clopos kassası kifayətdir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1aj8alh.png)

### Modulun tənzimlənməsi:

Modul aktivləşdirildikdən sonra **Arxa panel → Tətbiqlər → Clopos Pay** bölməsindən aşağıdakı tənzimləmələr edilir:

* **Status** - modulun ümumi vəziyyətini müəyyən edir. Aktiv olduqda QR kod əks olunur və müştəri ödəniş səhifəsinə keçid edə bilir. Deaktiv olduqda isə QR kod yaradılmır və Clopos Pay ilə heç bir ödəniş qəbul edilmir.
* **Çek ödənişi** - aktiv olduqda müştəri çekin yekun məbləğini Clopos Pay vasitəsilə birbaşa ödəyə bilir. Deaktiv olduqda ödəniş səhifəsində çekin ödənişi seçimi göstərilmir və yalnız bəxşiş vermək mümkün olur.
* **Bəxşiş ödənişi** - aktiv olduqda müştəri çekin məbləğindən əlavə əməkdaşa [bəxşiş](https://az.help.clopos.com/az/article/bexsis-1k00pow/) verə bilir. Deaktiv olduqda bəxşiş bölməsi ödəniş səhifəsində ümumiyyətlə görünmür və yalnız çekin məbləği ödənilir.
* **Ödəniş üsulu** - Clopos Pay ilə qəbul edilən ödənişlərin yazılacağı ödəmə üsulu seçilir. Ödəmə üsulu yaradılarkən onun **bölünə bilən** olmamasına diqqət edilməlidir. Bu məqsədlə **"Clopos Pay"** adı ilə ayrıca ödəniş üsulu yaratmaq həm hesabatların izlənməsini, həm də ödənişlərin idarə olunmasını asanlaşdırır.

Hər iki seçim - **Çek ödənişi** və **Bəxşiş ödənişi** - eyni anda aktiv olduqda müştəri ödəniş səhifəsində hesabı və bəxşişi ayrı-ayrılıqda və ya birlikdə ödəmək imkanı əldə edir.

Tənzimləmələr yadda saxlanıldıqdan sonra kassa satış terminalını yeniləyin.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_4e4pn2.png)

### Bəxşişin tənzimlənməsi:

Bəxşiş məbləği qonağın telefonundan birbaşa əməkdaşın kartına köçürülür və dövriyyədən kənar qalır - bunun üçün nə ayrıca terminal, nə də əlavə vergi yükü yaranır. Bəxşişin əməkdaşın hesabına daxil olması üçün onun bank kartının sistemə əlavə edilməsi mütləqdir.

Əməkdaşın bank kartının əlavə edilməsi, bəxşiş mesajının təyin edilməsi və digər tənzimləmələr haqqında ətraflı məlumatı [Bəxşiş](https://az.help.clopos.com/az/article/bexsis-1k00pow/) məqaləsindən əldə edə bilərsiniz.

### QR kodun təqdim edilmə üsulları:

Clopos Pay aktiv edildikdən sonra qonağa QR kodu beş fərqli yolla təqdim etmək mümkündür. Hər üsulda ödəniş səhifəsi eyni şəkildə açılır.

* **Masadakı QR** - masaya qoyulan stend üzərindəki QR kod. Qonaq telefon kamerası ilə skan edir, tətbiq yükləməyə ehtiyac qalmır.
* **Ön çekdəki QR** - ön çek həmişəki kimi çap olunur və aşağı hissəsində sifarişə bağlı unikal QR kod əks olunur. Məbləğ kassa ilə canlı sinxron olur.
* **Waiter tətbiqindən QR** - ofisiant öz masasını açır, sifariş menyusundan **Ödəniş QR** seçimini vurur və yaranan kodu qonağa göstərir.
* **Kioskda QR** - qonaq sifarişi kioskda tamamlayır və ödəniş ekranındakı QR kodu skan edərək öz telefonunda ödəyir. Kioska ayrıca POS terminal qoşmağa ehtiyac qalmır.
* **Müştəri ekranında QR** - kassadakı müştəri ekranı sifarişi canlı göstərir, bəxşiş seçimini təklif edir və QR kodu əks etdirir.

Çatdırılma sifarişlərində də eyni ekran işləyir: kuryer paketi təhvil verərkən QR kodu göstərir, bəxşiş isə kuryerin öz kartına gedir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_oy7osj.png)

### İstifadə etmənin qaydaları:

Qonaq QR kodu oxutduqda ödəniş səhifəsi açılır. Səhifədə obyektin adı və ünvanı, çekin nömrəsi, sifarişin tərkibi, yekun məbləğ və çekin sahibi olan əməkdaşın adı göstərilir.

Ödəniş səhifəsində üç seçim təqdim olunur:

* **Yalnız Hesab** - yalnız çekin məbləği ödənilir, bəxşiş əlavə edilmir.
* **Yalnız bəxşiş** - yalnız seçilmiş bəxşiş məbləği ödənilir.
* **Hər ikisini ödə** - çekin məbləği və bəxşiş birlikdə ödənilir.

Bəxşiş məbləği **5%**, **10%** və ya **15%** hazır faizlərdən seçilə, yaxud **Fərdi** sahəsi vasitəsilə əl ilə daxil edilə bilər. Bu üsulda əməkdaşların siyahısı göstərilmir - bəxşiş yalnız çekin sahibi olan əməkdaşa tətbiq edilir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_4blrb.png)

Hesabı ödəmək üçün iki üsul mövcuddur: **Bir Pay** vasitəsilə Birbank səhifəsinə keçid edərək kart məlumatlarını daxil etməklə, yaxud cihazdan asılı olaraq **Google Pay** və ya **Apple Pay** ilə ödəniş etməklə. Ödəniş uğurlu alındığı halda kassa satış terminalında həmin çek **Clopos Pay** ilə ödəniş növü üzrə bağlanır, masa avtomatik olaraq bağlanır və ödəniş uğurlu olduqdan sonra qonağa çekin və bəxşişin ayrı-ayrılıqda kimə getdiyi göstərilir.

![](https://storage.crisp.chat/users/helpdesk/website/-/7/4/0/e/740e20bde3bec000/image_1iyukqv.png)